Marneulidəki balaca soydaşlarımız üçün bayram şənliyi keçirilib
4 iyun, 2026
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbir çərçivəsində rəssam Xəyalə Mustafayevanın uşaqlara həsr etdiyi “Körpə Qalan Ruhum” adlı rəsm sərgisi təşkil olunub.
Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışıb, Xəyalə Mustafayevanın yaradıcılığını yüksək qiymətləndirib. O, belə təşəbbüslərin uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına və milli-mədəni dəyərlərin təbliğinə dəstək verdiyini bildirib.
Xəyalə Mustafayeva sərgilənən əsərlər haqqında məlumat verib. Rəsmlərin əsas özəlliyinin uşaqlara həsr edilməsi olduğunu söyləyib. Gənc nəslin yaradıcılıq fəaliyyətinə diqqət göstərilməsinin vacibliyini vurğulayıb.
Digər çıxışçılar uşaqların hərtərəfli inkişafında təhsil, mədəniyyət və incəsənətin mühüm rol oynadığını qeyd ediblər.
GAİM-in nəzdində fəaliyyət göstərən Sarvan Folklor Ansamblının rəqqasları Azərbaycan və gürcü milli rəqslərindən ibarət bədii proqramla çıxış ediblər.
Bayram tədbirində uşaqlar üçün rəsm müsabiqələri, müxtəlif oyunlar və əyləncəli tədbirlər təşkil olunub. Balacalar gün ərzində maraqlı və yaddaqalan anlar yaşayıblar.
Foto qalereya
Digər xəbərlər
