Marneulidə “Zəfərdən Doğan Qürur” adlı tədbir keçirilib
11 noyabr, 2026
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərdən Doğan Qürur” adlı tədbir keçirilib.
Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələri, yerli dövlət qurumlarının təmsilçiləri, sabiq deputatlar, ziyalılar, müəllimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Gürcüstanın Birinci Kanalının nümayəndəsi Ramilə Əliyeva, sabiq deputatlar Azər Süleymanov və Ramiz Bəkirov, professor Şürəddin Məmmədli, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Qullar ictimai məktəbinin direktoru Hümbət Hüseynov və müəllim Esmira Ələkbərli çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyəti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın milli birliyi və həmrəyliyi vurğulanıb. Həmçinin tarixi yaddaşın qorunmasının, milli-mənəvi dəyərlərin yaşadılmasının və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasının vacibliyi qeyd olunub.
Tədbir çərçivəsində GAİM-in rəsm kursunun şagirdlərinin Vətən müharibəsi və tarixi Zəfərə həsr etdikləri əl işlərindən ibarət sərgi nümayiş olunub.
Bədii proqram GAİM-in “SARVAN” folklor ansamblının milli rəqsləri və musiqiləri, eləcə də aşıq Nargilə Mehdiyeva və şagirdlərinin saz ifaları ilə davam edib.
Foto qalereya
Digər xəbərlər
