Manisada Xocalı soyqırımı qurbanları anılıb

28 fevral, 2025

Manisada Xocalı soyqırımı qurbanları anılıb

Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin Manisa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Türkiyənin Manisa şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri baş tutub.

Anım tədbirində Manisa Şahzadələr rayonunun kaymakamı Fatih General, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun konsulu Zaur Allahverdizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Roza İbadova-Kocamaz, siyasi partiyaların, QHT-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Aktrisa Roza İbadova-Kocamaz Xocalıya həsr olunmuş şeir səsləndirib.

Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül açılış nitqində insanlıq tarixinə qara ləkə kimi düşən soyqırımın ağır nəticələri ilə bağlı gələcək nəsillərin məlumatlandırlmasının vacibliyinə toxunub və bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun konsulu Zaur Allahverdizadə 33 il əvvəl Azərbaycan xalqının tarixin ən qanlı və dəhşətli cinayətinin şahidi olduğunu qeyd edib.  Bildirib ki, Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı Xocalı soyqırımını törədib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl Xocalı soyqırımının ağır nəticələrinə dair statistik məlumatları toplantı iştirakçılarının diqqətinə çatdırıb. O, işğal altında olan torpaqların, o cümlədən Xocalı şəhərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və qəhrəman hərbçilərimizin igidliyi sayəsində azad edildiyini vurğulayıb.

İştirakçılar Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olublar. Fotosərgi yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər