İzmirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
28 fevral, 2025.jpg)
Türkiyənin İzmir vilayətinin Karabağlar rayonunda və Bornova bələdiyyəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası və Karabağlar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı abidəsinin önündə baş tutan tədbirdə yerli dövlət qurumlarının, siyasi partiyaların, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Türkiyədə fəaliyyət göstərən aktrisa Roza İbadova-Kocamaz Xocalı haqqında şeir ifa edib. Tədbirdə Karabağlar Bələdiyyəsinin sədr müavini Kadir Dalğıç, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl, Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcı, Birləşmiş Dünya Azərbaycanlıları Həmrəylik Təşkilatının, İzmir İğdırlılar Kültür və Həmrəylik Dərnəyinin sədri Gürsel Özdemir və başqaları çıxış edərək, Xocalı soyqırımını törədən erməni terrorçularının tarix qarşısında cavab verməli olduqlarını vurğulayıblar. Tədbir abidənin önünə güllərin düzülməsi ilə yekunlaşıb.
Bornova Bələdiyyəsinin və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan anım mərasimləri Azərbaycan Qardaşlıq Parkında və Cümhuriyyət Meydanında təşkil olunub. Anım mərasimində siyasi partiyaların yerli təşkilatlarının rəhbərləri, bələdiyyə məclis üzvləri, QHT, media və geniş ictimaiyyətin nümayəndələri iştirak edib. Azərbaycan Qardaşlıq Parkında təşkil olun tədbirdə əvvəlcə iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, Xocalıda həlak olanların xatirəsi ehtiramla yad edilib. Tədbirdə Bornova Bələdiyyəsinin sədri Ömər Eşki, Bornova valisi Muzaffer Şahiner, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna və Birləşmiş Dünya Azərbaycanlıları Həmrəylik Təşkilatının, İzmir İğdırlılar Kültür və Həmrəylik Dərnəyinin sədri Gürsel Özdemir çıxış ediblər. Çıxışlardan sonra tədbir iştirakçıları parkda ucaldılmış Xocalı abidəsi önünə gül dəstələri düzüblər. Qonaqlar soyqırımı dəhşətlərini əks etdirən "Yaralı ruhlar" mövzusunda fotosərgi ilə tanış olublar.
Bornovadakı anım tədbirləri axşam saatlarında Bornova Cümhuriyyət Meydanında davam edib. Bornova Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə burada Xocalı qurbanlarının xatirəsinə ithaf edilən fləşmob təşkil olunub. Anım tədbirində soyqırımı nəticəsində həyatını itirmiş 613 nəfəri təmsil edən 613 cüt qara ayaqqabı nümayiş olunub. Əraziyə qoyulan şamlar qaranlıqda işıq kimi parıldayaraq Xocalının unudulmamasını xatırladıb. Tədbirdə Bornova Bələdiyyəsinin sədri Ömər Eşki və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl çıxış edib.
Foto qalereya
Digər xəbərlər