Mahaçqala ictimaiyyəti Azərbaycanın Müstəqillik Gününü qeyd edib

31 may, 2023

Mahaçqala ictimaiyyəti Azərbaycanın Müstəqillik Gününü qeyd edib

Rusiya Federasiyası Dağıstan Respublikasının Mahacqala şəhərində 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib.

Mahaçqala Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin təşkilatçılığı və Dağıstan Respublikası Milli Siyasət və Dini Məsələlər üzrə Nazirliyin dəstəyi ilə  Dostluq Evinin qarşısında baş tutan bayram şənliyində yerli hökumətin, ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçılarını salamlayan Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov soydaşlarımızı mühüm tarixi hadisə münasibətilə təbrik edib. Dağıstanda yaşayan azərbaycanlılara göstərilən dəstəyə görə respublika rəhbərliyinə minnətdarlığını bildirib. 

Tədbirdə çıxış edən milli siyasət və dini işlər üzrə nazir Enrik Müslümov respublika rəhbərliyi adından tədbirin bütün iştirakçılarını Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib. Azərbaycan və Rusiya, xüsusilə də Dağıstan arasında dostluq əlaqələrinin xalqlarımız və dövlətlərimizin mənafeləri naminə qorunub saxlanılacağını və möhkəmlənəcəyini bildirib. Nəzərə çatdırıb ki, 2023-cü ildə respublikalarımızda iki görkəmli şəxsiyyətin – Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Dağıstanın tanınmış şairi və ictimai xadimi Rəsul Həmzətovun 100 illiyinin qeyd olunması xüsusilə əlamətdardır. 

Tədbir çərçivəsində Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında dostluq münasibətlərinin, sülh və həmrəyliyin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdosi Əsgərova “Xalqlar Dostluğu” medalı və digər fəallara təşəkkürnamələr təqdim edilib. 

Bayram şənliyin müxtəlif yaradıcı kollektivlərin, o cümlədən Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı artistlərinin konsert proqramı ilə başa çatıb. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər