Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

2 iyun, 2026

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Lüksemburqda Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz ASBL) təşəbbüsü ilə yaradılan LuxAz Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

LuxAz Mərkəzi Azərbaycan və Lüksemburq arasında dostluq əlaqələrinin inkişafına, Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin tanıdılmasına, eləcə də  iqtisadi əlaqələrin formalaşmasına və Azərbaycan icmasının bir araya gəlməsinə xidmət edən yeni mədəniyyət və əməkdaşlıq məkanıdır.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəsi Vaqif Sadıqov 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətinə diqqət çəkib. Səfir dövlətçilik ənənələrimizin və üçrəngli dövlət bayrağımızın məhz həmin dövrdə formalaşmasından bəhs edib. Bildirib ki, LuxAz Mərkəzi xaricdə yaşayan azərbaycanlılar üçün doğma vətəni xatırladan mühüm bir məkandır.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri İlkin Kərimov çıxışında LuxAz Mərkəzinin açılışı münasibətilə Azərbaycan icmasını təbrik edib. Qeyd edib ki, mərkəz yalnız Lüksemburq şəhərində yaşayan soydaşlarımız üçün deyil, ölkənin müxtəlif bölgələrində və ətraf şəhərlərində yaşayan azərbaycanlılar üçün də görüş, ünsiyyət və birlik məkanı olacaq.

LuxAz Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının sədri Seymur Əhmədov tədbir iştirakçılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edərək, mərkəzin yaradılmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, son iki il ərzində Azərbaycan və Lüksemburq arasında dostluq münasibətlərinin inkişafı istiqamətində iqtisadi, mədəni və ictimai sahələri əhatə edən çoxsaylı tədbirlər həyata keçirilib. LuxAz Mərkəzi Lüksemburqda yaşayan azərbaycanlıların bir araya gələ biləcəyi, mədəniyyətlərini, tarixlərini və milli kimliklərini yaşada biləcəyi daimi məkan kimi fəaliyyət göstərəcək.

Lüksemburq Böyük Hersoqluğunun Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alain de Muyser çıxışında bu iki dövlət arasında 30 ildən artıq diplomatik dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O, LuxAz Mərkəzinin yaradılmasını yüksək qiymətləndirərək, bu təşəbbüsün Azərbaycan mədəniyyətinin, tarixinin və dəyərlərinin Lüksemburq ictimaiyyətinə tanıdılması baxımından mühüm addım olduğunu qeyd edib.

Tədbirdə Berlin Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini İsa Məmmədov, LuxAz-ın vitse-prezidenti İskəndər Axundov və LuxAz-ın kommunikasiya meneceri Sevinc Ömərli çıxış edib.

Bildirilib ki, xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri mədəni irsimizin tanıdılması istiqamətində mühüm işlər görür və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

Tədbirdə Türkiyənin Lüksemburqdakı səfiri Faruk Kaymakcı, Azərbaycan və Qazaxıstanın Belçikadakı konsulluq nümayəndələri, BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının və “FireLand” Azərbaycanlılar Birliyinin üzvləri, Lüksemburq Ticarət Palatası və Lüksemburq Bələdiyyəsinin əməkdaşları, eləcə də Azərbaycan və Lüksemburq ictimaiyyətinin təmsilçiləri və diaspor fəalları iştirak ediblər.

Tədbirin bədii hissəsində tar ifaçısı Vasif Cavadlının səsləndirdiyi Azərbaycan musiqiləri qonaqların zövqünü oxşayıb, mərasimə xüsusi ab-hava qatıb.

Tədbirin təşkilində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi dəstək göstərib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər