Komitə sədri ADA Universitetinə qəbul olunmuş Gürcüstan azərbaycanlıları ilə görüşüb
14 sentyabr, 2023Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun ADA Universitetində magistr təhsili alacaq Gürcüstan azərbaycanlıları ilə görüşü keçirilib.
Soydaşlarımızı məmnunluqla salamlayan Komitə sədri ADA Universitetinin bu təşəbbüsünü yüksək qiymətləndirib və tələbələri təbrik edib. Gürcüstandakı azərbaycanlıların təhsil sahəsində üzləşdiyi çətinliklərin, Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığının yaranması ilə bağlı problemlərin daim Azərbaycan dövlətinin diqqətində olduğunu vurğulayıb, bu istiqamətdə ardıcıl işlər görüldüyünü və Komitənin həyata keçirdiyi layihələri nəzərə çatdırıb. Görüşdə Gürcüstandakı Azərbaycan evləri və həftəsonu Azərbaycan məktəblərinin fəaliyyəti diqqət mərkəzində olub.
ADA Universitetində xüsusi proqram üzrə təhsil menecmenti, təlim və tədrisin təşkili və metodikası ixtisasında təhsil alacaq soydaşlarımızın Gürcüstandakı təhsil problemlərinin həllində əhəmiyyətli rol oynayacağına əmin olduğunu vurğulayıb.
Tədbir Gürcüstandakı soydaşlarımızın təhsillə bağlı problemləri, Azərbaycan və gürcü dillərini, tarix və mədəniyyətimizi mükəmməl öyrənmələri və digər bir sıra mövzular ətrafında fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
Foto qalereya
Digər xəbərlər