İtaliya Azərbaycanlıları Koordinasiya Şurası məşhur brendə beynəlxalq hüquq normalarını xatırladıb

3 oktyabr, 2023

İtaliya Azərbaycanlıları Koordinasiya Şurası məşhur brendə beynəlxalq hüquq normalarını xatırladıb

İtaliyada yaşayan Azərbaycan icması erməni model Armine Arutunyanın ölkəmizə qarşı müharibə aparılmasını təbliğ etməsi ilə bağlı dünyaca məşhur “Gucci” şirkətinə müraciət edib. 

İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının adından “Gucci” rəhbərliyinə ünvanlanan müraciətdə bildirilib ki, şirkətin reklamında çəkilən erməni modelinin bu məqsədlə VOMA ekstremist hərbi təşkilatında təlim keçməsinə dair təbliğat aparması yolverilməzdir və Azərbaycan əleyhinə atılan bu addım beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.  

Nəzərə çatdırılıb ki, tanınmış brendlər öz fəaliyyətləri çərçivəsində beynəlxalq konvensiyalar və bəyannamələrdə təsbit olunan qanunlara və fundamental insan hüquqlarına hörmət etməlidir. Çünki onlar həm də iqtisadiyyata, vətəndaş institutlarına və hamımızın asılı olduğu həyat sisteminə təsir göstərir. Amma təəssüf ki, erməni diasporunun güclü olduğu ölkələrdəki bir çox brendlər məsələyə obyektiv prizmadan baxmamaqla ifrat erməni təbliğatının yayılmasında böyük rol oynayır.

İtaliya Azərbaycanlıları Koordinasiya Şurası “Gucci” rəhbərliyini bu istiqamətdə məsuliyyətli davranış nümayiş etdirməyə çağırıb.

Birinci Qarabağ müharibəsində erməni kəşfiyyat batalyonuna komandirlik etmiş Vova Vartanovun təsis etdiyi VOMA terror təşkilatı Azərbaycan torpaqlarının işğal edilməsində və Xocalıya hücumda iştirak edib. İşğal illərində Kəlbəcər ərazisində təşkil etdiyi yay təlim düşərgələrində terrorçulara diversiya döyüş üsullarını öyrədib. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ərazisində fəaliyyət göstərib. Onun tərkibinə ASALA və PKK terrorçu təşkilatlarının üzvləri daxildir.

Qarabağ üzərində Azərbaycanın suverenliyinin tam bərpasından sonra VOMA silahlı mübarizənin yeni və “qeyri-adi” formalarına əl atacağını bəyan edib. Azərbaycanın hüquq-mühafizə orqanları terrorçu fəaliyyət ittihamı ilə Vartanov və onun quldur dəstəsinin üzvləri barəsində beynəlxalq axtarış elan edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər