Hamiltonda Azərbaycan dili sinfində Zəfər sevinci yaşanıb

5 noyabr, 2026

Hamiltonda Azərbaycan dili sinfində Zəfər sevinci yaşanıb

Kanadanın Ontario əyalətinin Hamilton şəhərində fəaliyyət göstərən Azərbaycan dili sinfində 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirin əsas məqsədi uşaqlara Azərbaycanın şanlı Zəfər tarixini daha yaxından tanıtmaq, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, eləcə də xaricdə böyüyən soydaşlarımızın milli kimliyə və Azərbaycan köklərinə bağlılığını gücləndirmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Şagirdlərə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən danışılıb, xalqımızın milli birliyindən, şücaətindən bəhs edilib. Uşaqların ifasında səslənən şeirlər və səmimi çıxışlar onların Vətənə sevgisini, milli-mənəvi dəyərlərimizə bağlılığını və Azərbaycanın tarixinə olan ehtiramını nümayiş etdirib. Tədbir boyunca yaşanan qürur və sevinc dolu anlar iştirakçılar üçün unudulmaz anlara çevrilib.

Daha sonra uşaqlar üçün Zəfər Gününə həsr olunan maarifləndirici məşğələlər, interaktiv oyunlar və yaradıcı tapşırıqlar təşkil edilib. Nəticədə şagirdlər Azərbaycanın tarixi, Vətən müharibəsində əldə olunan Qələbə, milli adət-ənənələrimiz və mədəni irsimiz haqqında biliklərini daha da artırıblar.

Qeyd edək ki, Hamilton şəhərindəki Azərbaycan dili sinfi Kanada cəmiyyətində böyüyən azərbaycanlı uşaqların ana dilimizi, tariximizi, mədəniyyətimizi və adət-ənənələrimizi öyrənməsinə, milli köklərinə bağlılığının qorunmasına mühüm töhfə verir. Burada yaradılan səmimi tədris mühiti uşaqların milli kimliklərinin formalaşmasına və Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə şərait yaradır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər