Haaqada Heydər Əliyevin 100 illiyi münasibətilə konsert olub

26 may, 2023

Haaqada Heydər Əliyevin 100 illiyi münasibətilə konsert olub

Niderlandın Haaqa şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırovanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın Niderlanddakı səfirliyində baş tutan konsertdə diplomatlarımız, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. 

Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbir iştirakçılarını salamlayan Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin üzvü Nemət Əliyev ulu öndərin vətənimizin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı naminə göstərdiyi əvəzsiz və müstəsna xidmətlərindən danışıb. “Heydər Əliyev İli” çərçivəsində bu yubileyin Azərbaycanda və dünyanın müxtəlif ölkələrində qeyd edildiyi nəzərə çatdırılıb.

Tədbirin xüsusi qonağı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqişünaşlıq şöbəsində dirijorluq ixtisasından 50 il dərs deyən Elmira Dadaşova (Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırovanın anası) Heydər Əliyevin mədəniyyət və incəsənətə qayğısı ilə bağlı fikirlərini bölüşüb. 

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişindən sonra Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıxlı çıxış edib. Xalqımızın dahi şəxsiyyətinin siyasi fəaliyyəti, ölkəmizin tərəqqisinə nail olmaq məqsədilə dövlət quruculuğunun bütün sahələrində apardığı islahatlardan danışıb. 

Tədbir Niderland Krallığının müxtəlif şəhərlərində fəaliyyət göstərən musiqi məktəbləri şagirdlərinin konserti ilə yekunlaşıb. Azərbaycan və dünya klassiklərinin əsərlərini təqdim edən musiqiçilərin çıxışları rəğbətlə və alqışlarla qarşılanıb. 

Tədbirin sonunda musiqiçilərə xatirə hədiyyələri təqdim edilib. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər