Gürcüstandakı soydaşlarımız Vətən müharibəsi şəhidlərini anıblar
29 sentyabr, 2026
Gürcüstanın bir sıra bölgələrində yaşayan soydaşlarımız 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib və bununla bağlı bəyanatlar yayıblar.
Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Əbədi Yaşayanlar” adlı tədbir keçirilib. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfirliyinin müşaviri Oğuz Akın, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələri, Marneuli Bələdiyyə Məclisinin üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov Anım Gününün şəhidlərin xatirəsinin yaşadılması və onların qəhrəmanlığının gənc nəslə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında şəhidlərin fədakarlığının mühüm rol oynadığını qeyd edib. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev şəhidlərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib. Səfir Birinci Qarabağ və 44 günlük Vətən müharibələrində Gürcüstan əsilli azərbaycanlıların Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda vuruşduqlarını, Gürcüstanda yaşayan azərbaycanlıların isə ölkəmizə mənəvi dəstək göstərdiklərini diqqətə çatdırıb. Türkiyənin Gürcüstandakı səfirliyinin müşaviri Oğuz Akın və TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer çıxışlarında şəhidlərin xatirəsinə ehtiramlarını ifadə edib, Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışıblar. Tədbirdə şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmova, şəhid Bilal Qəmbərovun bibisi Qiyafət Qəmbərova və dayısı İman Tanrıverdiyev şəhidlərin həyat və döyüş yolundan söz açıblar. Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və “Əbədi Yaşayanlar” adlı tamaşa nümayiş etdirilib. Bununla yanaşı mərkəz Anım Günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqətin əhəmiyyəti vurğulanıb.
Paytaxt Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində 44 günlük Vətən müharibəsinə və 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Alyans” Gənclər Mərkəzinin direktoru Rəna Hüseynova Azərbaycanın torpaqlarının uzun illər işğal altında qalmasından, münaqişənin həlli istiqamətində aparılan danışıqlardan və 2020-ci ildə baş verən tarixi hadisələrdən söz açıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayıb. “Ceyran” Rəqs Qrupunun rəhbəri Ceyran Qurbanova Anım Gününün mənəvi əhəmiyyətindən danışaraq şəhidlərin xatirəsinin yaşadılmasının və gənc nəslin milli-mənəvi dəyərlərə, Vətən sevgisinə bağlı şəkildə yetişdirilməsinin vacibliyini qeyd edib. Mərkəzin ingilis dili müəllimi Aytən Məmmədova Vətən müharibəsi illərində yaşadığı hiss və təcrübələrini iştirakçılarla bölüşüb. O, həmin dövrdə Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, şəhid ailələrinə göstərilən mənəvi dəstəyin xüsusi əhəmiyyət daşıdığını bildirib. Sonda Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi bir daha ehtiramla yad edilib.
Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində (QHİM) Vətən müharibəsinin altıncı ildönümünə həsr olunan “44 gündə yazılan şanlı tarix” adlı anım tədbiri keçirilib. Əvvəlcə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Rezo Həsənov çıxışında 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olduğunu bildirib. O, 30 ildən çox müddətdə işğal altında qalan torpaqların Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azad olunduğunu diqqətə çatdırıb. Digər çıxışçılar Vətən müharibəsinin tarixi əhəmiyyəti, Zəfərə aparan yolun əsas mərhələləri barədə məlumat verib, şəhidlərin xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar. Tədbir çərçivəsində həvəskar şairlər şəhidlərə həsr olunan şeirləri səsləndiriblər. Həmçinin Həqiqət Şamillinin “Müqəddəs şəhidlər” kitabı iştirakçılara təqdim edilib. Nəşrdə şəhidlərin həyatı, qəhrəmanlığı və keçdikləri döyüş yolu haqqında məlumatlar yer alıb.
Gürcüstanın Saqareco rayonunda fəaliyyət göstərən “Parlaq Gələcək Tədris Mərkəzi”ndə 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Mərkəzin direktoru Mustafa Süleymanov Anım Gününün mahiyyətindən söz açaraq 27 Sentyabr tarixinin Vətən müharibəsində qəhrəmancasına döyüşən hərbçilərin və bütün şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olduğunu bildirib. Azərbaycan dili müəllimi Durna Mərdanova şəhidlik zirvəsindən və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən danışıb. Tədbirin bədii hissəsində məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər. Mərkəz, həmçinin Anım Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıdığı qeyd olunub və Vətən müharibəsində qazanılan Zəfərin milli həmrəyliyin təcəssümü olduğu bildirilib. Sənəddə şəhidlərin xatirəsinin daim uca tutulacağı vurğulanıb.
Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzinin yaydığı bəyanatda 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumu ilə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunur. Həmçinin Azərbaycan Ordusunun beynəlxalq hüquq çərçivəsində əks-hücum əməliyyatları həyata keçirərək işğal altındakı əraziləri azad etdiyi vurğulanır.
Foto qalereya
Digər xəbərlər
