Giresun ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
25 yanvar, 2023.jpg)
Türkiyənin Giresun şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Giresun Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər. Öncə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Tədbirdə Giresun Azərbaycanlılar Dərnəyinin sədri Elgün Məmmədov, Giresun Üniversiteti İqtisadiyyat və İdarə Etmə Fakültəsi müəllimi professor Betül Karagöz Yerdelen, Giresun Esnaf ve Sanatkarlar Odaları Birliyinin sədri Ali Kara çıxış ediblər. Nəzərə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının dinc əhalisi SSRİ rəhbərliyinin sistemli şəkildə planlaşdırdığı hərbi cinayətin qurbanı olub. “Bu tarix bizim üçün kədərli gün olmaqla bərabər eyni zamanda milli qürur günü olaraq da önəmlidir. Bu qanlı, kütləvi qırğın xalqımızı qorxutmadı, əksinə, daha yüksək səslə dünyaya haqq səsini çatdırmağa və mübarizəsini davam etdirməyə çalışdı. Biz qanla yazılan bu tarixi unutmamaqla birlikdə unutdurmayacağımıza da and içdik”, - deyə Elgün Məmmədov vurğulayıb.
Bildirilib ki, 20 Yanvar faciəsi, Xocalı Soyqırımı türk dünyasına birlik və həmrəylik olmağın önəmini göstərdi. “Azərbaycan xalqı silahsız, əliyalın bir şəkildə tankların, topların önündə canlarını sipər etdilər. Bu vətən sevgisinin ən bariz örnəklərindəndir”, - deyə professor Betül Karagöz Yerdelen bildirib.
Qardaş Türkiyənin hər zaman, o cümlədən 20 yanvar hadisələri zamanı Azərbaycanın yanında olduğu xatırladılıb. “Azərbaycan torpaqları işğal edildikcə, bizlər Türkiyədə yasa qərq olurduq. Çox şükür, Azərbaycan Ordusu o günlərin qisasını layiqincə aldı. Allah şəhidlərimizə rəhmət eləsin! Bir daha belə faciəli günləri yaşamayaq!”, - deyə Ali Kara söyləyib.
Foto qalereya
Digər xəbərlər