Fransada Azərbaycanın zəngin mədəni irsinə böyük maraq olub
31 avqust, 2026
Azərbaycanın zəngin mədəni irsi Fransanın Montuar-sür-Luar kommunasında keçirilən beynəlxalq folklor festivalında nümayiş olunub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin dəstəyi ilə festivala qatılan “Ritm” rəqs qrupu Azərbaycan milli rəqslərini və musiqilərini ifa edib. “Balabançı” musiqi qrupunun müşayiəti ilə təqdim olunan musiqili proqram böyük maraq və alqışlarla qarşılanıb.
Festivalda təşkil olunan Azərbaycan stendində ölkəmizin rəssamlıq və heykəltəraşlıq sənətinə, xalçaçılığına və musiqi mədəniyyətinə dair nümunələrlə yanaşı, fransız dilində nəşrlər və müxtəlif suvenirlər də sərgilənib. İştirakçılar milli mətbəximizin ləziz təamlarından dadıb, Azərbaycan xalqına xas olan qonaqpərvərlik ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
ABŞ, Cənubi Koreya, Uruqvay, Taiti, Meksika, Sloveniya, Hindistan, Slovakiya, Yeni Zelandiya və İndoneziyanın folklor kollektivlərinin də iştirak etdiyi festivalı bu il 20 minə yaxın insan izləyib. Müxtəlif xalqların musiqi, rəqs və milli ənənələrinin bir araya gəldiyi festival mədəniyyətlərarası dialoq və xalqların bir-birinin mədəniyyəti ilə tanışlığı baxımından mühüm platformaya çevrilib.
Məlumat üçün bildirək ki, 2011-ci ildə yaradılan “Ritm” rəqs qrupu indiyədək Gürcüstan, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Şimali Kipr Türk Respublikası, Çin, Belarus, Monteneqro, İsveçrə və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə Azərbaycanı təmsil edib.
Foto qalereya
Digər xəbərlər
