Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin 20 illiyi qeyd olunub

20 avqust, 2026

Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin 20 illiyi qeyd olunub

Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin 20 illik yubileyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan mərasimdə diplomatlar, ölkənin ictimai-siyasi və mədəniyyət xadimləri, eləcə də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri iştirak edib.

Cəmiyyətin rəhbəri Təranə Nəzərova təşkilatın 20 illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələr, reallaşdırdığı təşəbbüslər və Azərbaycanla Finlandiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətləri barədə danışıb. Bu illər ərzində cəmiyyətin fəaliyyətinə göstərilən diqqət, dəstək və əməkdaşlığa görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Diplomatlar çıxışlarında cəmiyyətin ardıcıl və faydalı təşəbbüslərindən danışıb, təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər. Natiqlərdən birinin “Siz Finlandiya üçün bir hədiyyəsiniz” ifadəsi cəmiyyətin Azərbaycan-Finlandiya münasibətlərinin inkişafına verdiyi töhfənin göstəricisi kimi dəyərləndirilib.

Tədbirdə Finlandiyanın mədəniyyət xadimləri Azərbaycan haqqında xoş və səmimi fikirlərini bölüşüb, iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb və cəmiyyətə gələcək işlərində uğurlar arzulayıblar. Finlandiyanın tanınmış mədəniyyət xadimi Sofi Oksanenin “Səni sevirəm, Azərbaycan!” sözləri böyük rəğbət və alqışlarla qarşılanıb. Fin yazıçı və dövlət mükafatı laureatı Anita Konkka isə məşhur “Hullun Taivaassa” romanının imzalı nüsxələrini cəmiyyətin fəal üzvlərinə hədiyyə edib.

Daha sonra soydaşımız, tanınmış pianoçu və konservatoriya müəllimi Kamal Aşurbəylinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri iştirakçılara xoş musiqi ovqatı bəxş edib. Azərbaycan milli rəqslərinin təqdimatı isə tədbirin ən yaddaqalan və səmimi anlarından biri olub. Finlandiyalı qonaqlar milli musiqimizin sədaları altında rəqslərə qoşularaq bu gözəl anlara xüsusi rəng qatıblar.

Tədbir həm də Azərbaycan və Finlandiya arasında dostluq münasibətlərinin, mədəni əməkdaşlığın və qarşılıqlı hörmətin daha da möhkəmləndirilməsinə xidmət edən əlamətdar görüş kimi yadda qalıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər