Estoniyada azərbaycanlı uşaqların yaradıcılığı inkişaf etdirilir

3 noyabr, 2026

Estoniyada azərbaycanlı uşaqların yaradıcılığı inkişaf etdirilir

Estoniyada fəaliyyət göstərən “Aydan” həftəsonu Azərbaycan məktəbinin şagirdləri üçün müxtəlif yaradıcılıq və praktiki məşğələlər təşkil olunub. Estoniya Azərbaycan Evinin də təşəbbüsü ilə keçirilən tədbirlər çərçivəsində uşaqlar həm yeni bilik və bacarıqlar əldə edib, həm də birgə fəaliyyət təcrübəsi qazanıblar.

Məşğələlərin əsas məqsədi şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq, müstəqil qərarvermə və praktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də onları komanda şəklində fəaliyyətə təşviq etmək olub. Bu cür fəaliyyətlər uşaqların ünsiyyət qurmaq, əməkdaşlıq etmək və yeni təcrübələr qazanmaq imkanlarını genişləndirib.

“Aydan” həftəsonu Azərbaycan məktəbinin “Fidan” uşaq mərkəzində fəaliyyət göstərən qrupunun şagirdləri üçün keçirilən ustad dərsində uşaqlar pizza hazırlanması prosesinə cəlb olunublar. Növbəti gün isə məktəbin digər qrupunun iştirakı ilə Estoniya Azərbaycan Evində tədris məşğələsi təşkil edilib. Dərs zamanı uşaqların birgə öyrənməsinə, ünsiyyət bacarıqlarının inkişafına və icma daxilində əlaqələrinin möhkəmləndirilməsinə yönələn fəaliyyətlərə yer verilib.

Qeyd edək ki, “Aydan” Azərbaycan həftəsonu məktəbi iki qrup üzrə fəaliyyət göstərir. Şənbə günləri dərslər Tallin şəhəri, Lastekodu 31/1 ünvanında yerləşən “Fidan” uşaq mərkəzində, bazar günləri isə Estonia pst 15 ünvanında fəaliyyət göstərən Azərbaycan Evində keçirilir.

Məlumat üçün bildirək ki, hazırda 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki bu təhsil ocaqlarının fəaliyyətinin inkişaf etdirilməsinə, tədrisin keyfiyyətinin artırılmasına və maddi-metodiki təminatının gücləndirilməsinə dəstək verir. Bu çərçivədə məktəblər dərs vəsaitləri və tədris prosesində zəruri olan digər resurslarla təmin edilir, təlim-tədris prosesinin səmərəli təşkili üçün müvafiq köməklik göstərilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər