Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Şapur Ənsəri ilə görüşüb

25 aprel, 2024

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Şapur Ənsəri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov uzun müddət ABŞ-nin Corctaun Universitetində ürək cərrahı işləyən, əslən Cənubi Azərbaycandan olan Şapur Ənsəri ilə görüşüb.

Qonağı səmimi salamlayan Komitə sədri Azərbaycan həqiqətlərinin ABŞ-də tanıdılması istiqamətində xüsusi rolu olan Şapur Ənsərini ölkəmizdə görməkdən məmnunluğunu bildirib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Görüşdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında həyata keçirilən diaspor siyasəti və dünya azərbaycanlılarını birləşdirən irihəcmli layihələr barədə məlumat verib.

Şapur Ənsəri iştirak etdiyi, Azərbaycan Diplomatik Akademiyasında  keçirilən “COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumunun uğurlu işi, həmçinin forumda Prezident İlham Əliyevlə səmimi söhbəti ilə bağlı təəssüratlarını bölüşüb. ABŞ-dəki Azərbaycan icmasının yumşaq gücə çevrilmə yolundakı müvəffəqiyyətlərindən danışıb. Azərbaycanın mədəniyyətinin təbliği istiqamətində layihələrə dəstək verməsindən bəhs edib, hər səfərində ölkəmizin sürətli inkişafına şahid olduğunu vurğulayıb.

Xatırladaq ki, Şapur Ənsəri 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin ABŞ-a səfəri zamanı Azərbaycan icması ilə görüşündə iştirak edib. Daha sonra Bakıya səfəri zamanı da Ulu Öndərlə görüşdüyünü qeyd edən nüfuzlu həkim-cərrah ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin qurulması ilə bağlı öz fikirlərini bildirib.

Qeyd edək ki, Azərbaycan Diplomatik Akademiyasında “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumdan əvvəl tələbələrlə və ekspertlərlə təşkil edilmiş görüşdə Şapur Ənsəriyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər