Daşkənddə Azərbaycanın Müstəqillik Günü qeyd edilib
30 may, 2023Daşkəndə şəhərində fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsinin binasında baş tutan tədbir mərkəzin gənclər qanadının təşkilatçılığı ilə gerçəkləşdirilib.
Tədbir iştirakçılarını salamlayan RAMMM İdarə Heyətinin sədri Mobil Məmmədov soydaşlarımızı 105 il öncə Azərbaycan tarixində baş vermiş möhtəşəm hadisə münasibətilə təbrik edib. Türk və müsəlman dünyasında ilk dünyəvi, demokratik və parlament respublikasının Azərbaycanda elan olunduğunu, 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi varisi olduğunu nəzərə çatdırıb.
Tədbir AXC qurucularına və ümummilli lider Heydər Əliyevə həsr olunmuş slayd-şounun nümayişi ilə davam edib.
Sonra gənclərin ifasında AXC-yə həsr olunmuş şeirlər və hekayələr səsləndirilib, səhnəcik və RAMMM nəzdində fəaliyyət göstərən sənətçilərin ifasında konsert proqramı təqdim edilib.
Tədbirin sonunda gənclər mərkəzin fəxri fərmanlari ilə təltif olunublar.
Foto qalereya
Digər xəbərlər