Brüsseldə Azərbaycan ruhunu yaşadan uşaqlar

7 iyul, 2026

Brüsseldə Azərbaycan ruhunu yaşadan uşaqlar

Brüsseldə fəaliyyət göstərən Azərbaycan Evində Belçikada yaşayan azərbaycanlı uşaqların iştirakı ilə "Dostluq karvanı" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Evinin dəstəyi və BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Tədbirin əsas məqsədi Belçikada yaşayan azərbaycanlı ailələri bir araya gətirmək, uşaqlar arasında dostluq münasibətlərini möhkəmləndirmək, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, ana dilinə və Azərbaycan mədəniyyətinə marağını artırmaq olub.

Proqram çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici oyunlar, yaradıcı məşğələlər və interaktiv fəaliyyətlər təşkil olunub. Balacalar Azərbaycan xalq və uşaq nağıllarını birlikdə dinləyib, milli ruhu əks etdirən mahnılar ifa edib, Vətənə, dostluğa və ailə dəyərlərinə həsr olunan şeirlər səsləndiriblər. Səmimi və mehriban atmosferdə keçən tədbir uşaqlara həm yeni dostlar qazanmaq, həm də Azərbaycan mədəniyyətini daha yaxından tanımaq imkanı yaradıb.

Tədbirdə iştirak edən valideynlər belə təşəbbüslərin xaricdə böyüyən azərbaycanlı uşaqların milli kimliklərinin formalaşmasına, ana dilinin yaşadılmasına və Azərbaycanla mənəvi bağlarının möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar. Bu cür tədbirlərin uşaqların həm milli dəyərlərə bağlı ruhda yetişməsinə, həm də diaspor icması daxilində dostluq və həmrəylik münasibətlərinin inkişafına mühüm təsir göstərdiyini bildiriblər.

Tədbirin sonunda BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyası uşaqları müxtəlif hədiyyələrlə sevindirib.

Qeyd edək ki, Brüsseldəki Azərbaycan Evi də daxil olmaqla, hazırda dünyanın 21 ölkəsində 33 Azərbaycan Evi fəaliyyət göstərir. Eyni zamanda, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi mövcuddur. Soydaşlarımız, eləcə də ölkəmizi sevən xaricilər Azərbaycan evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edirlər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər