Böyük Britaniyada yaşayan azərbaycanlı bəstəkar beynəlxalq mükafat qazanıb
3 noyabr, 2026
Böyük Britaniyada yaşayan azərbaycanlı bəstəkar, Böyük Britaniyadakı Azərbaycanlıların Koordinasiya Şurasının üzvü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Qarabağ Məktəbinin musiqi müəllimi Səadət Fərziyeva beynəlxalq uğura imza atıb.
Belə ki, bəstəkarın “Triumph” (“Zəfər”) adlı instrumental əsəri Londonda keçirilən "Qızıl dövr istedadları" (“Golden Time Talent”) beynəlxalq musiqi müsabiqəsinin 83-cü mövsümündə II yerə layiq görülüb.
Əsər Azərbaycan xalqının 8 Noyabr – Zəfər Gününə və Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunub. Bəstədə, eyni zamanda, müharibələrin başa çatması, dünyada sülhün bərqərar olması, insanların qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması kimi ümumbəşəri dəyərlər musiqi dili ilə ifadə edilib.
Əsərin 8 Noyabr – Zəfər Günü ərəfəsində beynəlxalq səviyyəli müsabiqədə yüksək qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqının tarixi Zəfərinə həsr olunan musiqi nümunəsinin bu uğuru ölkəmizin zəngin mədəni irsinin və xaricdə yaşayan soydaşlarımızın yaradıcılıq potensialının tanıdılması baxımından əlamətdar hadisədir.
Qeyd edək ki, Səadət Fərziyeva Böyük Britaniyada Azərbaycan musiqisinin və mədəni irsinin təbliğinə töhfə verən diaspor nümayəndələrindəndir. Onun Qarabağ Məktəbində pedaqoji fəaliyyəti gənc nəslin milli-mədəni dəyərlər ruhunda yetişdirilməsinə xidmət edir.
Soydaşımızın adıçəkilən əsərini aşağıdakı linkə keçid edərək dinləyə bilərsiniz:
Foto qalereya
Digər xəbərlər
