Bişkekdə Zəfər Gününə həsr olunmuş konfrans keçirilib

16 noyabr, 2024

Bişkekdə Zəfər Gününə həsr olunmuş konfrans keçirilib

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən “Birlik” ictimai birliyi Zəfər Gününə həsr olunmuş konfrans keçirib.

Konfransa Azərbaycan diasporunun fəal üzvləri, Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyinin müşaviri Zülfüqar Tanarverdi, Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin rəhbəri Əfsaləddin Ağalarov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərli, İslahatçı Gənclər Ictimai Birliyinin sədri, jurnalist Fərid Şahbazlı, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Omurbek Umetaliyev və digərləri qatılıb.

Öncə Azərbaycan və Qırğızıstanın Dövlət himnləri səsləndirilib, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransın moderatoru, «Birlik» Azərbaycan diasporunun sədri Xansıvar Baxşəliyev açılış nitqində konfrans iştirakçılarını salamlayaraq, birinci və ikinci Qarabağ müharibəsinin hüquqi aspektləri haqqında məlumat verib.

Tədbir iştirakçıları XX əsrin sonunda Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin 44 günlük Vətən müharibəsi haqqında danışıb, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun tarixə qızıl hərflərlə yazdığı “Dəmir Yumruq” əməliyyatını xatırlayıblar.

Tədbirin sonunda Hacıbəy Heydərli Xansıvar Baxşəliyevə təşəkkür nişanı, Omurbek Umetaliyev isə Akif Alaferdova Qırğızıstan Ağsaqqallar Şurasının mükafatını təqdim edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər