Bazeldə Zəfər Gününün altıncı ildönümünə həsr olunan konsert keçirilib
19 noyabr, 2026
İsveçrənin Bazel şəhərində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə konsert proqramı keçirilib.
Tədbir “Azərbaycan Dostları Birliyi”, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycanın İsveçrədəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan Dostları Birliyi”nin rəhbəri Arzu Əliyeva Bodmer 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində qürur və şərəf səhifəsi olduğunu bildirib. O, bu əlamətdar günün ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və milli kimliyin qorunması baxımından da xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından danışıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın onun ətrafında sıx birliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və Vətənə sonsuz bağlılığın tarixi Qələbədə həlledici rol oynadığını vurğulayıb.
Konsertin bədii hissəsində azərbaycanlı musiqiçilər Vasif Hüseyn (fortepiano), Gülbən Haşim (vokal) və Anar Vəlizadə (balaban) öz ifaları ilə Azərbaycan musiqisinin zənginliyini, milli-mədəni irsimizin özünəməxsusluğunu və qədim musiqi ənənələrimizi nümayiş etdiriblər.
Foto qalereya
Digər xəbərlər
