Azərbaycan sənədli filmi Tallində beynəlxalq festivalda nümayiş olunub

19 noyabr, 2026

Azərbaycan sənədli filmi Tallində beynəlxalq festivalda nümayiş olunub

Estoniyanın paytaxtı Tallində keçirilən PÖFF – “Qara Gecələr” Beynəlxalq Film Festivalında azərbaycanlı Vətən müharibəsi qazisi Kamran Baxşızadənin həyat hekayəsinə həsr olunan “Ad günü şamları” sənədli filminin dünya premyerası baş tutub.

Qarabağ mövzusunda çəkilən Azərbaycan ekran əsəri ilk dəfə festivalın rəsmi müsabiqə proqramına daxil edilib və tamaşaçıların marağına səbəb olub.

Film 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılan, doğum günündə baş verən döyüşlərdən birində görmə qabiliyyətini itirən Kamran Baxşızadənin həyatından bəhs edir. Ekran əsərində müharibənin insan taleyində buraxdığı izlər və qazinin yeni həyat şəraitinə uyğunlaşmaq uğrunda mübarizəsi təsvir olunur.

Premyera münasibətilə Estoniyada fəaliyyət göstərən “Birlik” icmasının sədri Zakir Miriyev və icma üzvləri rejissor Murad Allahverdi və prodüser Afaq Yusifli ilə görüşüblər. Görüşdə filmin ideyası, çəkiliş prosesi və ekranlaşdırılan hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq festivalda nümayiş olunan bu ekran əsəri Vətən müharibəsinin ağır nəticələrinin və iştirakçılarının həyat hekayələrinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyət daşıyır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər