Azərbaycan Evləri dünya azərbaycanlı gənclərinə təqdim olunub
4 avqust, 2026
Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasında dünyanın 21 ölkəsində fəaliyyət göstərən 33 Azərbaycan Evinin xüsusi rolu var. Xaricdəki Azərbaycan Evlərinin rəhbərləri ilə Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçıları arasında görüş təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyevanın moderatorluğu ilə keçirilən görüşdə Norveç Azərbaycan Evinin rəhbəri Ramil Əliyev, Laqodexi Azərbaycan Evinin rəhbəri Mustafa Süleymanov, Türküstan Azərbaycan Evinin rəhbəri Ramilə Mustafayeva, Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli bilik və təcrübələrini diaspor gəncləri ilə bölüşüblər.
Diaspor rəhbərləri Azərbaycan Evlərinin fəaliyyəti, yaşadıqları ölkələrdə Azərbaycan mədəni irsinin və həqiqətlərinin təbliği istiqamətində gördükləri işlər, qarşılaşdıqları çətinliklər və əldə etdikləri nailiyyətlər barədə geniş məlumat veriblər. Qonaqlar Diaspor Gənclərinin Yay Düşərgələrinin xaricdəki azərbaycanlı gənclərin milli ruhda yetişməsinə və ana vətənlə əlaqələrinin intensivliyinə mühüm töhfə verdiyini vurğulayıblar.
Aparılan müzakirələr, səslənən fikirlər diaspor gənclərinin xüsusi marağına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə dünyanın 84 ölkəsindən ümumilikdə 700-dən artıq gənc qatılıb.
Foto qalereya
Digər xəbərlər
