Azərbaycan Diaspor Gəncləri Cənubi Kaliforniya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib
3 oktyabr, 2023
“Azərbaycan Diaspor Gəncləri” (ADG) təşkilatı Los-Anceles şəhərində erməni radikal qruplaşmalarının törətdiyi cinayət əməli zamanı Cənubi Kaliforniya Universiteti rəhbərliyinin nümayiş etdirdiyi qətiyyətli mövqeyi alqışlayıb.
ADG üzvləri adından Cənubi Kaliforniya Universitetinin 12-ci prezidenti Kerol Linn Folta ünvanlanan məktubda qeyd edilib ki, Azərbaycan diaspor gəncləri “Türkiyənin ictimai diplomatiyası” mövzusunda konfransın davam etdirilməsi naminə universitet rəhbərliyinin nümayiş etdirdiyi inadkarlığa görə dərin minnətdarlıqlarını bildirirlər: “Cənubi Kaliforniya Universiteti konfransı davam etdirməyə qərar verdi. Bununla da ifadə azadlığı, beynəlxalq hüquq, müxtəliflik və dinc fikir mübadiləsi hüququnun tərəfdarı olduğuna dair aydın mesaj göndərdi”.
ADG üzvləri bu addımı universitetin açıq və hörmətli dialoqu davam etdirmək, sərbəst akademik müzakirə prinsiplərinə sadiqlik və müxtəlif fikirlərə hörmətlə yanaşması kimi qiymətləndiriblər: “Azərbaycan diasporunun üzvləri olaraq biz gələcəyə, regionda dialoqun və sülhün irəliləməsinə ümid edirik. Dəstəyinizə görə minnətdarıq və ümid edirik ki, Cənubi Kaliforniya Universiteti tənqidi düşüncə və hörmətli mübadilə məkanı olaraq qalmaqda davam edəcək”.
Qeyd edək ki, ADG-nin müxtəlif ölkələrindən olan üzvləri tərəfindən onlarla minnətdarlıq məktubu universitetin rəsmi elektron poçt ünvanına, həmçinin ali təhsil ocağının müxtəlif institutlarına göndərilib.
Digər xəbərlər