Ankarada "Səda" musiqi kursunun tələbələrinin yekun konserti təşkil olunub

12 iyun, 2024

Ankarada "Səda" musiqi  kursunun tələbələrinin yekun konserti təşkil olunub

Ankara şəhərində fəaliyyət göstərən “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin nəzdindəki "Səda" musiqi kursunun tələbələrinin ilin yekun konserti keçirilib. Konsertdən əvvəl şəhidlərin əziz xatirəsi yad edilib, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Daha sonra “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri, vəkil Arzuman Azaflı çıxış edib. O, tələbələrə uğurlar arzulayıb.

Kursun rəhbəri, fortepiano müəllimi, konsertmeyster Aytən Rəhimova “Səda” musiqi kursunun 2022-ci ildən fəaliyyət göstərdiyini, piano,  skripka,  gitara,  ud,  vokal, solfecio, musiqi nəzəriyyəsi və başqa ixtisasların tədris olunduğunu bildirib. O, qeyd edib ki, tədris prosesi ölkəmizdə və qardaş Türkiyədə təhsil almış peşəkar musiqiçilər tərəfindən həyata keçirilir və ənənəvi olaraq hər tədris ilinin sonunda kursun tələbələrinin konserti təşkil olunur.

Konsertdə kursun tələbələri Azərbaycan və Türkiyənin klassik bəstəkarlarının, eləcə də Bax, Çaykovski, Mozartın əsərlərini, Aytən Rəhimovanın müşayiəti ilə Ahmet Buğra Han skripkada “Sarı gəlin” və “Ayrılıq” mahnılarını çalıb. Pelin Beyazkılıç isə “Nazəndə sevgilim”in həm musiqisini pianoda ifa edib, həm də oxuyub.

Sonda kursun müəllim və tələbələrinə “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşəkkürnamə və diplomları təqdim edilib, xatirə şəkli çəkdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər