Ankarada Ənvər paşanın xatirəsi anılıb
22 oktyabr, 2024.jpeg)
Türkiyənin paytaxtı Ankara şəhərində Osmanlı dövlətinin məşhur hərbi-siyasi xadimi, Qafqaz İslam Ordusunun yaradılmasında müstəsna xidmətləri olmuş Ənvər paşanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Azaflı Sosial Dəstək və Mədəniyyət Dərnəyinin nəzdindəki Türk Dünyası Mədəniyyət Mərkəzində keçirilən “Vətənə fəda edilən ömür: Ənvər paşa” mövzusunda baş tutan tədbirin iştirakçıları Vətən uğrunda canlarından keçmiş Türkiyə və Azərbaycan övladlarının xatirəsini ehtiramla yad edib.
“İmperatorluğun son gülləsi: Ənvər” kitabının müəllifi Zefer Tekin tədbir iştirakçılarına Osmanlı dövlətinin sabiq hərbi nazirinin həyatının mərhələləri haqqında məlumat verib.
Mövzunu elmlər doktoru Ahmet Acar davam etdirərək, Ənvər paşanın Osmanlı dövləti üçün çətin bir dövrdə verdiyi qərarlardan danışıb. O, eyni zamanda Ənvər paşanın göstərişi ilə 1918-ci ildə Bakını və Azərbaycanın digər şəhərlərini bolşevik-daşnak quldur dəstələrindən azad edən ordunun yaradıldığını xatırladıb.
Tədbir çərçivəsində Osmanlı dövlətinin mövcudluğunun son illərinə, eləcə də Qafqaz İslam Ordusunun döyüşçülərinə aid arxiv materialları nümayiş etdirilib.
Foto qalereya
Digər xəbərlər