Almatıda Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib
20 iyun, 2026
Qazaxıstanın Almatı şəhərindəki Şəhər Dostluq Evində “Ata Yurd Nomad” Respublika İctimai Birliyinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Qazaxıstan və Azərbaycan arasında dostluq münasibətləri” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, müxtəlif etnomədəni birliklərin rəhbərləri, ictimai xadimlər, professorlar və Analar Şurasının üzvləri iştirak ediblər.
Müzakirələr zamanı Qazaxıstanda yaşayan müxtəlif etnoslar arasında dostluq münasibətləri, birlik və həmrəylik məsələləri, eləcə də Qazaxıstan Xalqları Assambleyasının bu istiqamətdə fəaliyyəti diqqət mərkəzində olub.
Tədbirdə Azərbaycan xalqının tarixi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib, iştirakçılara 15 İyun – Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Dəyirmi masanın moderatoru, “Ata Yurd Nomad” Respublika İctimai Birliyinin sədr müavini Nasiha Qumarqızı qardaş xalqlar arasında dostluq, iqtisadi, mədəni və maarifləndirici əlaqələrin əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Türkdilli dövlətlər və Gürcüstan şöbəsinin müdiri Əli Baytalov tədbir iştirakçılarına və Qazaxıstanda yaşayan azərbaycanlılara səmimi təbrik və xoş arzularını çatdırıb. O, 15 İyunun Azərbaycan tarixindəki yerinə, Ulu Öndər Heydər Əliyevin iki qardaş xalq arasında münasibətlərin inkişafındakı roluna və diasporun xalqlar arasında körpü missiyasına diqqət çəkib.
Qazaxıstan Xalqları Assambleyasının Almatı şəhəri üzrə katibliyinin rəhbəri Nazar Balğınbayev etnik müxtəlifliyin qorunması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tədbirin sonunda fəal icma üzvlərinə təşəkkürnamələr təqdim olunub.
Foto qalereya
Digər xəbərlər
