Almaniyalı alim anti-Azərbaycan qüvvələrinə cavab verib

22 sentyabr, 2023

Almaniyalı alim anti-Azərbaycan qüvvələrinə cavab verib

Almaniyanın https://nex24.news xəbər portalında “Türkoloq Hess: “Qarabağda nə baş verir?” sərlövhəli məqalə yayımlanıb. 

Almaniyalı türkoloq alim Mixael Heynhard Hessin qələmə aldığı məqalədə Qarabağ münaqişəsinin tarixi, Ermənistan və Qarabağdakı erməni separatçıları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi barədə ətraflı məlumat verilib. Ermənistanın işğal illərində Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin insanlığa zidd hərbi cinayətlər, soyqırımlar, deportasiyalar, etnik təmizləmələr, misli görünməmiş vandalizmlə müşayiət olunduğu diqqətə çatdırılıb. 

Qarabağdakı erməni separatçılarının silahlı birləşmələrinin 90-cı illərin əvvəllərində törətdiyi Xocalı soyqırımının Srebrennitsa ilə yanaşı, 1945-ci ildən bəri baş vermiş ən ağır və dəhşətli hərbi cinayətlərdən biri hesab olunduğu xüsusilə vurğulanıb.

Alim qeyd edib ki, Azərbaycanın 19 sentyabr 2023-cü il tarixində öz torpaqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində keçirdiyi bir günlük lokal antiterror tədbirləri 30 il ərzində orada kök salmış separatçıların sülhə vadar edilməsi, onların Azərbaycan torpaqlarında silahlı birləşmələrinin tərksilah olunması, orada yerləşdirilmiş silah-sursatın təhvil verilməsi məqsədinə xidmət edib.

Bu məqamda o, alman rəsmilərinə məntiqi sualla müraciət edib: “Əgər Almaniya Federal Respublikasının suveren ərazisində “Reyxsburger” kimi milliyyətçi hərəkat zenit-raket kompleksi yerləşdirsəydi, Almaniya da Azərbaycan kimi eyni hərəkəti etməzdimi?”

Müəllif xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 27 il yerinə yetirilməyib, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 1994-cü ildə yaratdığı Minsk qrupunun həmsədrlərindən biri isə Azərbaycanın qatı əleyhdarı olan Fransa olub. Minsk qrupunun, xüsusən də müstəmləkəçilikdən sonrakı fantom ağrılarından hələ də əziyyət çəkən kimi görünən və ermənilərin “qoruyucu mələyi” missiyasını öz üzərinə götürmək istəyən Fransanın fəaliyyətsizliyi və beynəlxalq hüquqa biganəliyi indiki vəziyyətə gətirib çıxarıb: “Qarabağdakı son hərbi əməliyyatlar da bir neçə onilliklər ərzində Qarabağda, eləcə də Ukrayna kimi hərbi əməliyyatlar teatrında beynəlxalq hüququn pozulmasını təmizə çıxarmaq və ya məhəl qoymamaq üzərində qurulmuş Avropa siyasətinin iflasa uğradığını nümayiş etdirir”.

30 il ərzində siyasi, iqtisadi və hərbi cəhətdən güclənən müstəqil Azərbaycan dövlətinin 2020-ci ilin payızında cəmi 44 gün ərzində öz torpaqlarını işğaldan azad etməyə məcbur olduğu, BMT-nin qətnamələrini təkbaşına icra etdiyi bildirilib.  

Lakin hətta bu məğlubiyyətdən sonra da Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymadığı, havadarlarının təhriki ilə Azərbaycanın ərazisi olan Qarabağda hərbi təxribatlarının davam etdirdiyi, amma Ermənistanın və Qarabağdakı separatçıların “dövlət işində dövlət qurmaq” ümidlərinin Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun qətiyyətli siyasəti nəticəsində, üstəlik, Ukraynada müharibənin başlanmasından sonra boşa çıxdığı vurğulanıb.

Alim bildirib ki, azərbaycanlılar Qarabağda heç bir soyqırım törətməyib. Buna görə də Ermənistanın və Qarabağdakı separatçıların ermənipərəst dairələrlə birlikdə ortaya atdığı növbəti cəhd – dünyada, xüsusən də Almaniyada həssas qəbul olunan “soyqırımı silahı” iflasa uğrayıb. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Ocamponun dünya ictimaiyyətini bu əsassız iddiaya inandırmaq üçün tələsik yazdığı hesabat da beynəlxalq hüquq səviyyəsində uğursuzluğa düçar olub.

Azərbaycanın bir günlük antiterror tədbirləri həyata keçirməklə separatçıları sülhə vadar etdiyi, öz Konstitusiya quruluşunun bərpasına nail olduğu və Yevlaxda erməni icmasının nümayəndələri ilə danışıqlara başladığı nəzərə çatdırılıb.

Müəllif qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpasından və müstəqil dövlətin suveren hüquqlarının təmin olunmasından başqa heç nə istəmir. “Qoy, Qarabağ uğrunda son müharibə, nəhayət, tarixə çevrilsin!”, - deyə alim arzusunu ifadə edib.

Məqaləni aşağıdakı linkdən ətraflı oxumaq mümkündür:

https://nex24.news/2023/09/tuerkologe-hess-was-passiert-in-karabach/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər