Almaniyadakı azərbaycanlı həkim haqqında yerli mətbuatda məqalə dərc olunub
2 oktyabr, 2023Almaniyanın “In Suedthueringen” qəzetində bu ölkədə yaşayan azərbaycanlı əsilli həkim Cavid Hüzeynzadəyə həsr olunmuş “Azərbaycanda böyüyüb, Ukraynada təhsil alıb” sərlövhəli məqalə dərc olunub.
Syuzanna Möllerin qələmə aldığı məqalədə bildirilib ki, hazırda “Bad Salzungen” xəstəxanasının qulaq-burun-boğaz təbabəti və baş-boyun plastik cərrahiyyəsi klinikasının baş həkimi vəzifəsində çalışan Cavid Hüzeynzadə kifayət qədər tanınır. 33 yaşlı həmyerlimizin 2016-cı ildən etibarən Almaniyada asisstent-həkim kimi fəaliyyətə başladığı barədə məlumat verilib. Baş həkim vəzifəsindən öncə onun “Facharzt” (həkim-mütəxəssis) adını qazandığı və “Bad Salzungen” klinikasının qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsinə yüksəldiyi vurğulanıb.
Cavid Hüseynzadənin Azərbaycanda həkimlər ailəsində dünyaya gəldiyi, bu ölkədə böyüdüyü və tibb təhsilini Kiyevdə aldığı bildirilib. Onun valideynlərinin Azərbaycanda yaşadığı, atasının Azərbaycan Tibb Universitetinin professoru, anasının isə həkim-rentgeneloq olduğu vurğulanıb.
Soydaşımızın Almaniyada çalışan həkimlərin bir araya gəlməsində və şəbəkələşməsində böyük rol oynayan “Facharzt” onlayn platformasının təsisçisi olduğu da diqqətə çatdırılıb. Qeyd edək ki, bu platformada birləşən azərbaycanlı həkimlər Münhen şəhərində baş tutan “Bayern München” – “Manchester United” futbol oyunu zamanı 27 Sentyabr – Anım Gününü “44 Gün... Azərbaycanı yaşatmaq üçün qəhrəmanlar canlarını fəda etdilər” və “Qarabağ Azərbaycandır!” şüarlarının yazıldığı posteri nümayiş etdirməklə yad ediblər.
Cavid Hüseynzadə haqqında “Bakıdan Bad Salzungenə” sərlövhəli məqaləni isə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.insuedthueringen.de/inhalt.klinikum-von-baku-nach-bad-salzungen.440aaea9-ef68-495b-8bb7-d91de02e93d0.html
Foto qalereya
Digər xəbərlər