Almaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş festival keçirilib
13 may, 2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Almaniyanın Barleben şəhərində idman festivalı keçirilib. Festival Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Festivalın əsas ideya xəttini Ulu Öndər Heydər Əliyevin ailəyə, uşaqlara və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə daim göstərdiyi yüksək diqqət və qayğı təşkil edib.
Yerli sakinlər üçün əsl bayram əhval-ruhiyyəsi yaradan festivala Almaniyanın Saksoniya-Anhalt federal əyalətinin paytaxtı Maqdeburqdan və ətrafdakı digər şəhərlərdən böyükdən-kiçiyə yüzlərlə sakin qatılıb. Proqram çərçivəsində əyləncəli viktorinalar, maraqlı attraksionlar və hərəkətli oyunlar maraqla qarşılanıb. Səhnə ətrafında təşkil olunan rəqs proqramlarında həm uşaqlar, həm də böyüklər coşqu ilə iştirak ediblər. Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edən boksçuların məşqləri diqqətlə izlənilib.
Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının rəhbəri Yaşar Niftəliyev çıxış edərək Ulu Öndərin uşaqlara, gənclərə və idmana göstərdiyi qayğını xatırladıb. O, bu qəbildən olan tədbirlərin Almaniyada artıq ənənəyə çevrildiyini, milli-mənəvi dəyərlərin təbliğinə, eləcə də Azərbaycan diasporunun gücləndirilməsinə xidmət etdiyini bildirib.
Qeyd edək ki, 2012-ci ildə təsis edilmiş Heydər Əliyev adına Dünya Boks Komitəsi beynəlxalq arenada fəaliyyət göstərir. Boks komitəsi Ulu Öndərin adını daşıyan dünya kəmərləri təsis edib və müxtəlif reytinqli boksçular bu nüfuzlu titul uğrunda mübarizə aparırlar.
Foto qalereya
Digər xəbərlər