Almaniya qəzeti azərbaycanlı sənətçilərin çıxışından heyranlıqla bəhs edib
7 dekabr, 2023
Almaniyanın “Schwäbisches Tagblatt” qəzetində Tübingem şəhərində keçirilmiş “Musiqi sərhəd tanımır” adlı mədəniyyətlərarası klassik konsert gecəsi barədə məlumat verilib.
“Azərbaycandan gələn sənətçi” sərlövhəli məlumatda bildirilib ki, 150 nəfərlik tamaşaçı əsrarəngiz konsertə görə pianoçu və bəstəkar Səbinə Məmmədovaya, virtuoz tarzən Sahib Paşazadəyə və opera müğənnisi Çinarə Şirinə minnətdarlığını bildirib.
Konsert proqramına Azərbaycan və dünya bəstəkarlarından Qara Qarayev, Vasif Adıgözəlov, Tofiq Quliyev, Bize, Brams və digər klassiklərin əsərlərinin daxil edildiyi bildirilib.
Sahib Paşazadənin əsərləri tarda heyrətamiz sürətlə ifa etdiyi, onu fortepianoda uzun illər Tübingemdə öz ustalığını uşaqlara, gənclərə və böyüklərə ötürən Səbinə Məmmədovanın müşayiət etdiyi, mahnıların alman, azərbaycan, fransız və ingilis dillərində səsləndirildiyi vurğulanıb.
Nəzərə çatdırılıb ki, konsert Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tübingem şəhər administrasiyasının, Bərabər İmkanlar və İnteqrasiya İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Digər xəbərlər