Aktauda Azərbaycanın tarixi Zəfəri qeyd edilib
6 noyabr, 2026
Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Ş.Yessenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan açıq intellektual dərs formatında tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca 44 günlük Vətən müharibəsi, Şuşanın azadlığı, tarixi Zəfər və Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini əks etdirən videoçarx nümayiş olunub.
“Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru, beynəlxalq münasibətlər kafedrasının baş müəllimi İlkin Orucov Zəfər Gününün tarixi, siyasi və beynəlxalq hüquqi əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyünü bərpa etməsinin Cənubi Qafqaz və Xəzər hövzəsində yeni geostrateji reallıq yaratdığını, regionda davamlı sülhün və nəqliyyat-tranzit əlaqələrinin inkişafı üçün əlverişli zəmin formalaşdırdığını bildirib.
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Eldar Cəfərov regionun yeni təhlükəsizlik arxitekturası, Azərbaycan-Qazaxıstan strateji müttəfiqliyi və Türk dünyasının inteqrasiyası kontekstində iki ölkə arasında akademik və gənclər əməkdaşlığının əhəmiyyətinə toxunub.
Universitetin tələbələri, “Versal” diplomatik klubunun könüllüləri çıxışlarında müasir beynəlxalq münasibətlər, sülh və beynəlxalq hüququn aliliyi ilə bağlı fikirlərini bölüşüb, Azərbaycanın sülh təşəbbüslərinə və quruculuq prosesinə dəstəklərini ifadə ediblər.
Sonda bu cür intellektual görüşlərin xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, gələcək beynəlxalq münasibətlər mütəxəssislərinin dünyagörüşünün genişlənməsinə, eləcə də diaspor və gənclər arasında əlaqələrin dərinləşməsinə verdiyi töhfə qeyd olunub.
Foto qalereya
Digər xəbərlər
