Diaspor fəalımız “Finlandiyanın Səsi” beynəlxalq telemüsabiqəsində uğurla çıxış edib

29 mart, 2023

Diaspor fəalımız “Finlandiyanın Səsi” beynəlxalq telemüsabiqəsində uğurla çıxış edib

Finlandiyanın Helsinki şəhərində yaşayan soydaşımız, “Azər-Türk” gənclər təşkilatının fəal üzvü Mona Savofiyar “Voice of Finland” (“Finlandiyasının Səsi”) beynəlxalq televiziya müsabiqəsinə qatılıb.

Müsabiqədə iştirak edə biləcəyi xəbərini gənc Mona Bakıda yay tətilində olduğu vaxt alıb: “İstirahət zamanı mənə zəng gəldi. Bu, “Finlandiyanın Səsi” yarışının proqram meneceri idi. Onlara dedim ki, Azərbaycandayam, bəlkə gələn il yenidən müraciət edərəm. Lakin onlar mənim sözümü yarıda kəsdilər və səsimi çox bəyəndiklərini dedilər. Dinləmələr Helsinki şəhərində keçirildiyindən,  mənə onlayn formatda qulaq asdılar. Bu nəcib davranış məni təəccübləndirdi. Bir həftədən sonra xəbər verdilər ki, dinləməni uğurla keçmişəm və “Finlandiyanın Səsi” yarışına dəvət olunuram”.

Soydaşımız Porvoo şəhərində keçirilən yarışın “Görmədən seçimlər” mərhələsində “You don’t own me” mahnısını ifa edib. Münsifləri seçərkən Mona Finlandiya müğənnisi Anna Puunun komandasında olmağa üstünlük verib və növbəti mərhələyə keçib.

 “Qarşıdurma” mərhələsində Mona rəqibi ilə bilikdə “Ain’t no mountain hugh enough” mahnısını ifa edib. Bu mərhələdə də ustadı Anna Puu güclü səsə və xarizmatik görünüşə malik olan Mona ilə yarışı davam etdirmək qərarını verib.

 “Finladiyasının Səsi” yarışının gedişində 18 yaşı tamam olan Mona Savofiyar müsabiqə zamanı onu Azərbaycan diasporunun dəstəklədiyini söyləyib: “Məni Finlandiya azərbaycanlıları, diasporumuz dəstəkləyirdi. Yolda hətta öz aramızda zarafat edirdik ki, Finlandiyada “Finlandiyanın Səsi” Azərbaycan olacaq. Ən xoş hadisələrdən biri isə ustadım Annanın mənə doğum günü sürprizi oldu. O, məni münsiflər heyətinin kreslosuna əyləşdirdi və digər münsiflərlə birlikdə “Happy birthday” mahnısı ifa etdi”, - deyə Mona təəssüratlarını bölüşüb.

Dörddə bir final mərhələsində müsabiqəni tərk edən soydaşımız bildirib ki, “Finlandiyanın Səsi” yarışından sonra Azərbaycanın pozitiv enerjisini və gücünü göstərmək məqsədilə “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə qatılmaq istəyir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər