“Karabakh is Azerbaijan!” Milli Platforması
9 iyun 2020-ci ildə Azərbaycan Diaspor Könüllülərinin və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə yaradılan “Karabakh is Azerbaijan!” Milli Platforması Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə çatdırılması, dünyada yaşayan gənclərimizin bu istiqamətdə maarifləndirilməsi, onların Vətənimizin təbliğ olunması işinə mütəşəkkil şəkildə səfərbər edilməsi məqsədi daşıyır.
Milli Platformanın fəaliyyətinin təkmilləşdirilməsi, ölkəmizdə və dünyada yaşayan azərbaycanlı gənclərin platformaya cəlb edilməsi istiqamətində ardıcıl işlər aparılır. "Karabakh is Azerbaijan!" Milli Platformasının beynəlxalq bölməsi, Türkiyə, Kanada, Niderland, Polşa, Moldova və İtaliya üzrə koordinatorluqları yaradılıb. 28 may 2021-ci ildə isə Türkiyədə Milli Platformanın nəzdində “Qarabağ Azərbaycandır!” Koordinəetmə Dərnəyi təsis edilib.
Diaspor könüllüləri, Milli Platforma üzvləri və xaricdə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” şüarının dünyada təbliği kampaniyasına start verilib.
Post-müharibə dönəmində 9 noyabr – Zəfər bayramı çərçivəsində “Karabakh is Azerbaijan” Milli Platforması və Diaspor Könüllülərindən ibarət 50 nəfərlik heyət Ağdam şəhərinə səfər edib, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib. Bundan başqa, platforma üzvləri tərəfindən bir sıra ölkələrdə Vətən müharibəsi qaziləri, azərbaycanlı və türkiyəli gənclərin iştirakı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünə həsr olunmuş konfranslar keçirilib.