Yazıçı və tərcüməçi Tahirə Cəfərovaya medal təqdim edilib
18 aprel, 2025
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin fəxri üzvü, yazıçı və tərcüməçi Tahirə Cəfərovanı qəbul edib.
Qonağı səmimi salamlayan komitə sədri Finlandiyada yaşayan soydaşımızın Azərbaycan həqiqətlərinin təbliğ olunması, zəngin mədəni irsimizin və ədəbiyyatımızın tanıdılması istiqamətindəki fəallığını yüksək qiymətləndirib.
Tahirə Cəfərovaya təltif edildiyi Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.
O öz növbəsində fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib.
Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi Tahirə Cəfərova zəngin həyat yolu keçib, uzun illər pedaqoji, elmi və ədəbi fəaliyyətlə məşğul olub. Azərbaycan Elmlər Akademiyasında çalışıb, Finlandiyanın Tampere Universitetində dərs deyib.
Avropa Ədəbi Tərcüməçilər İttifaqının, Finlandiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü olan soydaşımız 1981-1985-ci illərdə SSRİ Yazıçılar İttifaqının Xarici Komissiyasında tərcüməçi işləyib, ölkəmizdə və xaricdə ingilis dili, fin ədəbiyyatı tərcüməçisi kimi böyük uğurlara imza atıb.
Finlandiya Milli Arxivində elmi tədqiqatlar aparan Tahirə Cəfərova bu ölkədə yaşayan azərbaycanlılar haqqında araşdırmaların da müəllifidir.
Soydaşımızın yazıları, tərcümələri yerli və xarici jurnallarda, nüfuzlu mətbu orqanlarda çap olunub.
Tahirə Cəfərova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Açıq pəncərə” adlı kitabını yüksək peşəkarlıqla fin dilinə tərcümə edib. Kitab oxucuların böyük marağına səbəb olub.
Soydaşımız diaspor fəaliyyəti sahəsində, Azərbaycan mədəniyyətinin təbliğində, Finlandiya cəmiyyətinin ölkəmizlə bağlı məlumatlanmasında əvəzsiz xidmətlər göstərib.
Tahirə Cəfərova 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
Foto qalereya
Digər xəbərlər