Sankt-Peterburqda Heydər Əliyevə həsr olunmuş fotosərgi təşkil edilib

13 dekabr, 2023

Sankt-Peterburqda Heydər Əliyevə həsr olunmuş fotosərgi təşkil edilib

Rusiyanın Sankt-Peterburq şəhərinin Qanunvericilik Məclisində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qəlbimin bir parçası Rusiyadadır” adlı fotosərginin açılış mərasimi keçirilib.

“Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişovun təşəbbüsü ilə baş tutan tədbirdə Qanunvericilik Məclisinin deputatları, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı təmsilçiliyinin, yerli ictimaiyyətin, Azərbaycan Respublikası Milli Məclisinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Sankt-Peterburqdakı Baş Konsulluğunun nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Məclis üzvlərini salamlayan Vaqif Məmişov ulu öndərə həsr olunmuş fotosərginin açılışını iki ölkənin tarixində mühüm hadisə adlandırıb və parlamentin rəhbərliyinə minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən Qanunvericilik Məclisinin sədri Aleksandr Belski qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəsinin tarixində silinməz iz qoyub, Azərbaycanda müsbət dəyişikliklər üçün güclü istiqamət müəyyənləşdirib və ölkəsinin dünyadakı imicini əsaslı şəkildə dəyişib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov çıxışında xatırladıb ki, bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Ölkəmizdə və dünyanın müxtəlif ölkələrində, o cümlədən ümummilli liderin vaxtilə təhsil aldığı və çalışdığı Rusiya Federasiyasında Heydər Əliyevə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir. O, Sankt-Peterburq Qanunvericilik Məclisində xalqımızın dahi oğlunun xatirəsinə həsr olunmuş tədbirin keçirilməsini yüksək qiymətləndirib və təşkilatçılara minnətdarlığını bildirib.    

Peterburq qubernatoru Aleksandr Beqlovun tədbir iştirakçılarına məktubunu Millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi Komitəsinin sədri Oleq Kapitanov təqdim edib. “Heydər Əliyev dövlətlərimizin tarixində əbədi olaraq ədalətli və fədakar, öz işinə sadiq, vətəndaşların rifahı naminə yorulmadan çalışan və qayğı göstərən şəxsiyyət kimi qalacaq”, - deyə qubernator məktubunda qeyd edib.

Rusiya XİN-nin Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalov xatırladıb ki, Heydər Əliyev “Tariximin bir hissəsi Rusiyadadır” sözlərini 2001-ci ildə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşündə söyləyib.

Peterburqun eks-qubernatoru Georgi Poltavçenko xatırladıb ki, sərginin bu şəhərdə keçirilməsi rəmzi hadisədir. Çünki vaxtilə Heydər Əliyev bu şəhərdə yerləşən SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin rəhbər heyətinin hazırlandığı məktəbdə təhsil alıb. Heydər Əliyevin təhsil aldığı binada xatirə lövhəsinin açılışı onun Neva üzərindəki şəhərin inkişafındakı töhfələrinin rəmzidir.

“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov böyük əhəmiyyət kəsb edən bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbir ümummilli liderin fəaliyyətini əks etdirən videoçarxın nümayişi və onun haqqında xatirələrin bölüşülməsi ilə başa çatıb.

Qeyd edək ki, Qanunvericilik Məclisində nümayiş etdirilən fotosərgidə Heydər Əliyevin müasir Azərbaycanın təşəkkülündə və Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində mühüm rolunu üzə çıxaran nadir materiallar təqdim olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər