Moskvada Azərbaycan kəlağayısına həsr olunmuş tədbir keçirilib

6 dekabr, 2024

Moskvada Azərbaycan kəlağayısına həsr olunmuş tədbir keçirilib

Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Moskva Millətlər Evində “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adlı tədbir keçirilib.

Moskva şəhəri Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov salamlama nitqi ilə çıxış edib. Kəlağayı haqqında məlumat verib, onun Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş baş örtüyü olduğunu deyib. Kəlağayının həm qədim mədəniyyətimizin, tarixi ənənələrimizin simvolu, həm də odlar yurdunun gözəllik, incəlik, namus və ləyaqət rəmzi olduğunu bildirib.

Sonra milli musiqi alətimiz sazın müşayiəti ilə Azərbaycan xalq mahnılarının ifaçısı Təranə Gədəbəyli çıxış edib.

Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədr müavini Həşim Əliyev öz çıxışında tədbirdə azərbaycanlılarla yanaşı müxtəlif millətlərin nümayəndələrinin də olduğunu vurğulayıb.

Tədbirin davamında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında azərbaycanlı gənclərin səhnələşdirdiyi musiqili nömrə təqdim olunub. Tədbirin təşəbbüskarı, Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova kəlağayı haqqında şeirlər səsləndirib. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair-tərcüməçi Afaq Şıxlı kəlağayının özəlliklərindən danışıb.

Bəxtiyar Həsənov tədbir çərçivəsində keçirilən “Qadın ipək baş geyimlərinin istehsalı və daşınmasının ənənəvi mədəniyyəti və onun simvolizmi” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər