Kanadada növbəti Azərbaycan dili sinfi fəaliyyətə başlayıb

16 aprel, 2025

Kanadada növbəti Azərbaycan dili sinfi fəaliyyətə başlayıb

Kanadanın Ontario əyalətinin Avrora (Aurora) şəhərində yerləşən York Region Katolik Məktəbinin nəzdində Azərbaycan dili sinfi fəaliyyətə başlayıb.

Sinfin yaradılmasında azərbaycanlı şagirdlərin valideynlərinin və “Father Bressani Catholic High School” məktəbinin beynəlxalq dillər üzrə koordinatorlarının xüsusi rolu olub. Kanada Azərbaycan Evi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovanın təşəbbüsü nəticəsində beynəlxalq dillərin tədris olunduğu bir məktəbdə Azərbaycan dilinə də dərs proqramında yer ayrılıb.

Xaricdə Azərbaycan dili siniflərinin açılması mədəniyyətimizin və milli kimliyimizin qorunması, eləcə də bu dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm hadisədir. Yeni təsis edilən sinif də Kanada Azərbaycan icması üçün qürurverici və tarixi addım olmaqla yanaşı, gənclərin ortaq kimlik və mədəni dəyərlər ətrafında bir araya gəlməsinə şərait yaradır.

Dərslər hər şənbə saat 09:30-dan 12:00-a qədər “Father Bressani Catholic High School”da (Ünvan: 250 Ansley Grove Rd, Woodbridge, ON L4L 3W4) keçirilir. Tədrisi uzun illər pedaqoji təcrübəyə malik, “Mənim Azərbaycanım” həftəsonu məktəbinin dram və Azərbaycan dili müəllimi Sevinc Quliyeva, eləcə də müəllim Lalin Həsənova aparır.

Qeyd edək ki, Avrora ilə yanaşı, Voqen (Vaughan) və ətraf ərazilərdə yaşayan həmyerlilərimiz +1 416 827 6743 telefon nömrəsi ilə əlaqə saxlayaraq, Azərbaycan dili dərslərinə qeydiyyatdan keçə və bu fürsətdən yararlana bilərlər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər