Tallində “Asılqan” tamaşası nümayiş olunub
5 noyabr, 2024Estoniyanın paytaxtı Tallin şəhərindəki Rusiya Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət “Yuğ” Teatrının “Asılqan” tamaşası eston ictimaiyyətinə nümayiş olunub. Tamaşanın nümayişi Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, Estoniya Karyera və Təhsil Akademiyasının təşkilatçılığı ilə baş tutub.
Xalq yazıçısı Anarın “Asılqanda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında rejissor Abdulqəni Əliyevin quruluş verdiyi tamaşada rolları Elşən Əsgərov və Ləman Mərrih ifa edib. “Asılqan”ın işıq üzrə rejissoru Binyamin Sailov, bədii quruluş hissə müdiri Rauf Əliyev, səs rejissoru isə Samir Mehdiyevdir. Səhnə əsəri eston və rus dillərinə sinxron tərcümə olunub.
Bir saatdan artıq müddətdə onlarla obrazı canlandıran Elşən Əsgərov və Ləman Mərrihin oyunu izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
Tamaşanı Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri də izləyib və bu kimi layihələrin xalqlar arasında mənəvi körpü yaratdığını qeyd ediblər.
Estoniya Karyera və Təhsil Akademiyasının təsisçisi, layihə rəhbəri Sənəm Əliyeva tamaşadan sonra çıxış edib. O, Azərbaycanı Estoniyaya tanıtmaq üçün təşkilatın keçirdiyi silsilə tədbirlərin məqsədinin xalqlar arasında sağlam əlaqə, dialoq qurmaq olduğunu söyləyib. Bu yolla həm mədəniyyətdə, həm də təhsildə ənənə və təcrübənin mübadiləsinə yardım etmək istədiklərini bildirib.
Nümayişdən sonrakı müsahibələrdə eston teatr tənqidçiləri “Asılqan”ın tanınmış mütəfəkkirlərin bəşəriyyətə ünvanladığı mesajlarla zənginliyindən, tamaşaçını əbədi, əzəli suallarla düşündürməsindən, bu yanaşmanın müasir dövr üçün əhəmiyyətindən danışıblar.
Foto qalereya
Digər xəbərlər