Soydaşlarımız təyyarə qəzasında həlak olanları anır
27 dekabr, 2024Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı səbəbindən dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə matəm elan edilib.
Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, diaspor təşkilatları və fəalları təyyarədə həlak olanların xatirəsini anmaq üçün tədbirlər keçirirlər.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvləri, diaspor təmsilçiləri, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sənət adamları, şirkət rəsmiləri, ictimaiyyət nümayəndələri həlak olanların xatirəsini anmaq üçün AZAL-ın İstanbuldakı baş ofisinin qarşısına gəlib. Binanın önünə əklil qoyulub, qara lentlər asılıb, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həlak olanların ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağlamlıq arzulayıblar.
"Land of Fire" təşkilatı Praqanın Köhnə Şəhər Meydanında anım guşəsi yaradıb. Çexiyada yaşayan soydaşlarımız oraya gedərək qərənfillər düzüb, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, yaralananlara şəfa diləyiblər.
Misir-Azərbaycan Dostluq Cəmiyyətində soydaşlarımız, cəmiyyətin nəzdindəki kurslarda təhsil alan misirli və xarici tələbələr təyyarə qəzasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq yaradılan anım guşəsinə güllər düzüblər.
Almaniyanın Münster şəhərində Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Dövlət Himnimiz səsləndirilib, həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları hadisə nəticəsində həlak olanların ailələrinin və yaxınlarının kədərinə şərik olduqlarını bildiriblər.
Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin binasında matəm günü ilə əlaqədar bayraqlar yarıya qədər endirilib. Həmin ölkədəki soydaşlarımız faciə qurbanlarını ehtiramla anıblar.
MADANİ Platform və Brüssel azərbaycanlıları Azərbaycanın Belçikadakı Səfirliyinin önündə qəza qurbanlarını anıb, xatirə kitabına ürək sözlərini yazıblar.
Kanadada yaşayan soydaşlarımız Torontoda Azərbaycan Evi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzində yaradılmış guşəni ziyarət edərək gül dəstələri düzüb, şamlar yandırıblar.
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində, Laqodexidəki Qabal İnkişaf Mərkəzində, Dmanisidəki Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyində, Aktaudakı Azərbaycan Mərkəzi İctimai Fondunda, Bişkekdəki “Birlik” İctimai Birliyində, “AzStar TV”-nin təsisçisi Yaşar Pooralinin təşkilatçılığı ilə Toronto şəhərindəki North York küçəsində Mel Lastman meydanında anım guşəsi yaradılıb.
Amerika Birləşmiş Ştatlarında, İngiltərədə, Litvada, Moldovada, Rusiyada yaşayan soydaşlarımız təyyarə qəzası qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq, Azərbaycanın həmin ölkələrdəki Səfirliklərinin önünə gül dəstələri düzüb.
Türkiyədəki Ankara, İğdır və Kayseridəki Azərbaycan Evlərində, Gürcüstanda fəaliyyət göstərən Qabal İnkişaf Mərkəzində, Şimali Kipr Türk Respublikasının Girnə şəhərindəki Heydər Əliyev adına Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzində təyyarə qəzasında həyatını itirənlər anılıb.
Gürcüstanın Saqareco şəhərində fəaliyyət göstərən Parlaq Gələcək Tədris Mərkəzində qəza qurbanlarının xatirəsinə anım tədbiri keçirilib.
Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulluqlarında qəza qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəkilləri önünə gül dəstələri düzülüb, xatirə kitabına ürək sözləri yazılıb.
Anım tədbirlərinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təyyarə qəzasının səbəblərinin araşdırılması və onun ağır nəticələrinin aradan qaldırılması ilə əlaqədar atdığı çevik addımları, qəbul etdiyi qərarları dəstəklədiklərini bildiriblər.
Vətəndən uzaqda yaşayan soydaşlarımız bu dəhşətli hadisədən sonra da bütün dünyaya azərbaycanlıların həmrəyliyini və xalq-dövlət birliyini növbəti dəfə nümayiş etdiriblər.
Foto qalereya
Digər xəbərlər