Soydaşımız İtaliyada keçirilən beynəlxalq hüquq konfransında iştirak edib
4 aprel, 2025
İtaliyanın Sirakuza şəhərində doktorantların “Beynəlxalq cinayət hüququ, beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq” adlı 4-cü beynəlxalq konfransı keçirilib. Konfransa dünyanın müxtəlif ölkələrində hüquq ixtisası üzrə təhsil alan 50-dən çox doktorant tələbə, müşahidəçi, professor-müəllim heyəti və beynəlxalq təşkilatlarda yüksək vəzifədə çalışan şəxslər qatılıb.
Böyük Britaniyanın London Midlseks Universitetində ("Middlesex University London") "Beynəlxalq Cinayət Hüququ" ixtisası üzrə doktorantura təhsili alan soydaşımız Tofiq Şəhniyarov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həmin konfransda iştirak edib.
Həmyerlimiz “Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan və Azərbaycan işləri kontekstində irqi ayrı-seçkilik” mövzusunda çıxış edib. Çıxışında Beynəlxalq Ədalət Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli “Ermənistan Azərbaycana qarşı” və “Azərbaycan Ermənistana qarşı” işləri üzrə müvafiq qərarına və bu məsələyə yanaşmasına toxunub. Eyni zamanda keçmiş Qarabağ münaqişəsinin qısa tarixinə nəzər salıb, 90-cı illərin əvvəllərindən başlayaraq azərbaycanlıların Qarabağdan və Ermənistandan zorla köçürüldüyünü diqqətə çatdırıb.
Sonra konfrans iştirakçıları arasında sual-cavab sessiyası keçirilib, mövzu ətrafında müzakirələr aparılıb və tərəfləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.
Foto qalereya
Digər xəbərlər