Almaniyada “Muğam” Musiqi Cəmiyyətinin açılışı olub
10 aprel, 2025
Almaniyanın Düsseldorf şəhərində yaşayan azərbaycanlı musiqiçi, pianoçu və pedaqoq Səbinə Məmmədovanın təşəbbüsü ilə təsis olunan “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin açılış mərasimi keçirilib. Mərasim Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub.
Əvvəldə muğama həsr olunmuş sənədli film nümayiş olunub. Filmin ardından musiqi cəmiyyətinin tələbələri konsert proqramı ilə çıxış edərək, həm azərbaycanlı, həm də əcnəbi bəstəkarların əsərlərini səsləndiriblər.
Konsertdə Azərbaycan mədəniyyətinin incilərindən biri olan “Qaval” rəqsi də ifa edilib. Milli geyimlərdə təqdim olunan bu rəqs tədbirə xüsusi rəng qatıb və iştirakçılara unudulmaz anlar yaşadıb. Çıxış edənlərə gül və Azərbaycana aid hədiyyələr verilib.
Sonda ənənəvi Azərbaycan qonaqpərvərliyi nümayiş olunub, iştirakçılar milli şirniyyatlara qonaq edilib.
Xarici ölkələrdə və beynəlxalq təşkilatlarda Azərbaycan mədəniyyətinə həsr olunan belə tədbirlərin və sərgilərin təşkili ölkəmizin zəngin mədəni irsinin tanıdılması və beynəlxalq aləmdə geniş şəkildə təbliği məqsədi daşıyır.
Foto qalereya
Digər xəbərlər