Serbiyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
23 yanvar, 2025Azərbaycanın Serbiyadakı Səfirliyi Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
Tədbirdə Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşı, səfirliyin əməkdaşları, eləcə də burada çalışan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə, iştirakçılar 20 Yanvar faciəsini əks etdirən foto guşə ilə tanış olub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev çıxış edərək 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırıb.
Tədbir iştirakçıları Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Eyni zamanda, Taşmaydan parkında yerləşən serb yazıçısı Milorad Paviçin və “Biz hələ uşaq idik” abidələri ziyarət olunub.
Foto qalereya
Digər xəbərlər