Kanadada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
23 yanvar, 2025Kanadanın Toronto və Ottava şəhərlərində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbirləri təşkil edilib.
Torontoda Kanada Azərbaycan Evi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovanın təşəbbüsü ilə baş tutan tədbirdə evin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin müəllimləri, Azərbaycan icmasının üzvləri, gənclər və Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Əməkdar elm xadimi Məsud Əfəndiyev iştirak edib. Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Lalin Həsənova sovet imperiyasının 35 il əvvəl Bakıda törətdiyi 20 Yanvar qırğınının bütün türk dünyasını sarsıtdığını, bu amansız hərbi cinayətin Azərbaycanın müstəqilliyi yolunda dönüş nöqtəsi olduğunu vurğulayıb. 20 Yanvar hadisəsinin şahidlərindən olan Məhərrəm Mirzəzadə, tanınmış musiqiçi Rüfət Əmiralıyev, gənclərdən isə Vəli Quliyev çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşüblər. Kanadada fəaliyyət göstərən ELTV media qrupu ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin “History of Azerbaijan” layihəsi çərçivəsində hazırlanan və 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı sənədli film nümayiş olunub. Sonda Azərbaycan icmasının üzvü Solmaz Kazımovanın ifasında şeirlər səsləndirilib.
Ottavada “Qarabağ Azərbaycan dili” sinfində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş dərs keçirilib. Şagirdlərə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilib. 20 Yanvar faciəsinin dünya azərbaycanlılarının qan yaddaşına əbədi həkk olunduğu bildirilib. Sonra məktəb şagirdləri 20 Yanvara həsr olunmuş şeirlər söyləyiblər.
Foto qalereya
Digər xəbərlər