Qabal İnkişaf Mərkəzinin təşkilatçılığı ilə kiçik və orta bizneslə məşğul olan sahibkarlarla görüş baş tutub

26 sentyabr, 2024

Qabal İnkişaf Mərkəzinin təşkilatçılığı ilə kiçik və orta bizneslə məşğul olan sahibkarlarla görüş baş tutub

Gürcüstanda fəaliyyət göstərən Qabal İnkişaf Mərkəzinin təşkilatçılığı ilə kiçik və orta bizneslə məşğul olan sahibkarlarla görüş keçirilib.

Görüşdə rayon meri Condo Mdivnişvili, rayon partiya sədri Baço Xaçidze, bələdiyə rəhbəri Ramiz Amirov, yerli bələdiyədə partiya sədri Mirzə Alıyev, kəndin ictimai fəalları və ziyalılar iştirak ediblər.

Mərkəzin direktoru Yavər Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən  layihələrdən söhbət  açaraq bölgənin sosial həyatında, təhsil və idman sahəsində iş adamlarının da dəstəyinə ehtiyacı olduğunu nəzərə çatdırıb. O, biznes sahibləri ilə Qabal kəndindəki problemlər və imkanlar haqqında açıq müzakirənin, gələcək əməkdaşlıq qərarlarını istiqamətləndirəcək amillər barədə fikir mübadiləsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinə də diqqət yetirilib. “İki ölkə arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Gürcüstanda, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundovun, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir. Bu məhz iki dost xalqın münasibətlərinin bariz nümunəsidir”, - deyə Yavər Məmmədov qeyd edib.

Sahibkarlar Qabal kəndinin problemlərinin həllində soydaşlarımıza dəstək göstərəcəklərini diqqətə çatdırıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər