Özbəkistanda “Azərbaycanda Nar Festivalı” adlı tədbir keçirilib

26 noyabr, 2024

Özbəkistanda “Azərbaycanda Nar Festivalı” adlı tədbir keçirilib

Özbəkistandakı Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin nəzdində fəaliyyət göstərən Türkşünaslıq Ali Məktəbinin Azərbaycanşünaslıq Mərkəzində “Azərbaycanda Nar Festivalı” adlı tədbir keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında baş tutub.

Görüşdə Türkşünaslıq Ali Məktəbinin müdiri, dos. Məhəmmədcan Aripov, Türkşünaslıq Tədqiqat Mərkəzinin müdiri, dos. Cuməli Şabanov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Kifayət Pirməmmədova, gənc rəssam Məhəmməd Əhmədov, Özbəkistandakı “Bakı” restoranının baş aşpazı Zaur Mirzəyev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Məhəmmədcan Aripov tədbiri giriş sözü ilə açaraq Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu, tədbirin isə bu əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaratdığını söyləyib. 

Cuməli Şabanov öz növbəsində türk dövlətləri arasındakı strateji münasibətlərin inkişafından, Azərbaycan-Özbəkistan münasibətlərinin də özünü bir daha təsdiq etdiyindən danışıb.

“Tədbirin nara həsr edilməsi heç də əbəs yerə deyil. Belə ki, nar meyvəsində çoxlu dənələrin yerləşməsi onun birlik rəmzinə çevirir. Azərbaycan və özbək xalqlarının dostluğuna, qardaşlığına hər sahədə olduğu kimi təhsil sahəsində də şahidik. Şərqşünaslıq Universitetində Azərbaycan dilini özbək gənclərinə tədris etmək üçün şərait yaradılması məhz bu dostluğun, bu birliyin nəticəsidir”,- deyə tədbirin təşkilatçısı, Mərkəzin Azərbaycan dili müəllimi, filologiya üzrə f.d. Mətanət Xudiyevaya öz çıxışında deyib.

Tədbirin bədii hissəsində üzərində nar şəkilləri olan müxtəlif rəsm əsərləri sərgilənib. Özbək tələbələr nar haqqında məlumat verib, şeirlər səsləndirib. Mərkəzin şagirdi Melissa Mustafayeva “Tərəkəmə” rəqsini oynayıb. Aşpaz Zaur Mirzəyev isə özbək auditoriyasına “Şah plov”un hazırlanma qaydası haqqında məlumat verib.

Daha sonra müxtəlif müsabiqələr keçirilib. Qaliblərə təşəkkürnamə, Azərbaycan-özbək dillərində lüğətlər, danışıq kitabları və müxtəlif hədiyyələr təqdim olunub.

Özbəkistan televiziya kanalı “Foreign Language”-də (Xarici dil) və bir neçə saytda tədbir işıqlandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər