Özbəkistanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib

22 yanvar, 2025

Özbəkistanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib

Azərbaycanın Özbəkistandakı Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım mərasimi təşkil edib. Tədbirdə səfirliyin və mədəniyyət mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələri və jurnalistlər iştirak edib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və şəhidlər bağına çiçək dəstələri qoyulub. Tədbirdə 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı kitab sərgisi və fotostend nümayiş olunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin haqqında məlumat verib. Özbəkistan Ali Məclisi Senatının üzvü Husan Ermatov öz çıxışında 20 Yanvar faciəsinin artıq Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, habelə şəhidlərimizin Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçərək qəhrəmanlıq nümayiş etdirdiklərini deyib. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, alim və tərcüməçi Babaxan Şərif və başqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında danışıb, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu söyləyərək keçmiş SSRİ rəhbərlərini ittiham ediblər. Sonda Mərkəzin nəzdindəki Azərbaycan dili kursunun şagirdləri 20 Yanvar faciəsinə dair şeirlər səsləndiriblər.

Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi və Daşkənd şəhərindəki "Qardaşlıq" adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsinin sovet imperiyasının insan hüquq və azadlıqlarını pozaraq vətəndaşlarımıza qarşı törətdiyi ən qatı cinayətlərdən biri, misilsiz vəhşilik nümunəsi, insanlıq əleyhinə aksiya olduğu, bütün bunlara baxmayaraq xalqımızın mübarizə əzminin azalmadığı, müstəqillik istəklərinin daha da gücləndiyi vurğulanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər