Bişkekdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

22 yanvar, 2025

Bişkekdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən “Birlik” İctimai Birliyinin və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına 103 nömrəli Qırğızıstan-Azərbaycan orta məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra təşkilatın rəhbəri Xansıvar Baxşəliyev faciə haqqında danışıb, 20 Yanvar hadisələri haqqında videoçarx nümayiş olunub.

Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri, professor Kairat Osmonaliyev, “Azəri” İctimai Birliyinin fəxri prezidenti, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədri İqbal Babayev çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Dünya Siyasəti İnstitutunun direktoru Şəradil Baqtıqulov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri Almaz Mambetov, Azərbaycanın Qırğızıstandakı Səfirliyinin əməkdaşları, Qırğızıstan Xalq Assambleyasının təmsilçiləri, uyğur, türk və Koreya diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri, şagirdlər iştirak edib.

Birliyin nəzdində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbində də 20 Yanvar faciəsinin qurbanları anılıb. Dərs zamanı faciə ilə bağlı fotoşəkillər nümayiş olunub, məktəbin müəllimi Məlahət Məmmədova uşaqlara 1990-cı ilin yanvar hadisələri haqqında geniş məlumat verib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər