Müstəqilliyin Bərpası Günü münasibətilə Nyu Yorkda Azərbaycanın Dövlət Bayrağı qaldırılıb

21 oktyabr, 2024

Müstəqilliyin Bərpası Günü münasibətilə Nyu Yorkda Azərbaycanın Dövlət Bayrağı qaldırılıb

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-nin Nyu York şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb.

Azərbaycan Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasim Uol Stritdə (Wall Street) yerləşən və nəhəng bayraq meydanı kimi tanınan Boulinq Qrin (Bowling Green) parkında keçirilib.

Tədbirdə Nyu Yorkda yaşayan soydaşlarımız və  diaspor fəalları iştirak ediblər.

Bayraqqaldırma mərasimində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxış edərək bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan Nyu York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva çıxışında qalib xalqın nümayəndəsi kimi fəxr etdiyini və bayrağımızın Nyu York səmasında ucaldılmasını qürurverici hal kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Nyu Yorkda fəaliyyət göstərən “May Vey” (My Way) Uşaq - Gənclər Yaradıcılıq İnkişaf  Mərkəzinin rəhbəri Alyona Bədəlova, Azərbaycan Amerika Gənclər Federasiyasının İdarə heyətinin üzvü Fərid Axundov bu mərasimin bütün dünyada xalqları birləşdirən ümumi azadlıq, müstəqillik və birlik dəyərlərinə sübut kimi xidmət etdiyini bildiriblər.

Üçrəngli bayrağımız himnimizin sədaları altında səmaya ucaldılıb və ABŞ bayrağı ilə yanaşı dalğalanıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Bayrağı 10 gün müddətində Nyu Yorkun şəhər mərkəzində ABŞ bayrağı ilə yanaşı dalğalanacaq.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər