Kaliforniyadakı icmamız ABŞ-dakı seçkilərlə bağlı məlumatlandırılıb
19 oktyabr, 2022ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzində ABŞ Nümayəndələr Palatasına keçiriləcək 8 noyabr 2022-ci il tarixli seçkilərlə bağlı maarifləndirici seminar keçirilib.
Tədbir Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan icmasının üzvü Elçin Məmmədovun və Santa-Klara dairəsi üzrə qeydiyyat ofisinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir zamanı qarşıdan gələn seçkilər barədə ətraflı məlumat verilib, seçicilərin hüquqları barədə kitabçalar təqdim edilib.
Moderatorlar Azərbaycan əsilli amerikalıların seçki prosesini diqqətlə izləməsinin çox vacib olduğunu vurğulyıblar. Bildirilib ki, soydaşlarımız ABŞ Konqresi və Senatında öz dairələrinin nümayəndələrini tanımalı, onlarla sıx ünsiyyət saxlamalı və hüquqlarını bilməlidirlər. Belə maarifləndirici tədbirlərin Azərbaycan icmasının mövcud olduğu hər ştatda keçirilməsinin önəminə diqqət cəlb edilib. Bu addımın ABŞ-dakı icmamızın daha da güclənməsinə gətirib çıxaracağına əminlik ifadə olunub.
Qeyd edək ki, seçkilər zamanı ABŞ-ın 50 ştatının hər birində Konqresə 435 dairədən nümayəndələr seçiləcək.
Digər xəbərlər
